A Yaxşı

Şikar edib tutdum bir şahi tərlan,

Sən etdin ağlımı zail, a Yaxşı!

Səni sevən keçər canü sərindən,

Olar camalına mail, a Yaxşı!

 

Məhəbbəti olan istər sazını,

Mən çəkərəm hər dəm sənin nazını.

Şəmsü Qəmər kimi görgəz üzünü,

Gün təki aləmə yayıl, a Yaxşı!

 

Qaşların bir oxdu, kirpiyin almaz,

Haramdan oxlasan, oram sağalmaz.

Gedər bu gözəllik sənə də qalmaz,

Əgərçi sərxoşsan, ayıl a Yaxşı!

 

Məni sənə aşiq etdi yaradan,

Səyrağıbı haqq götürsün aradan.

İstəyirsən xəbər tutgil Sarıdan,

Yollarında mənəm sail a Yaxşı!

 

Oxşar şeirlər