...Axşam, yenə axşam...
Ey yasəmən türküsü axşam!
Dərdim Bayronun dərdidir, bəlkə...
O qızla mən, ikimiz də biriz,
Qəlbim dəniz,
O qız gəmidən qalan bir iz:
Baxıram gözlərinə
Kimsənin görmədiyi bir göz yaşı var,
Dodaqlarım o gözlərlə pıçıldaşar:
Ah, ey qızlıqdan dul qalan qadın,
Bilirəm adın fahişədir, amma
O göz yaşları tanış mənə,
Gəl dərdini,
Başqasına danışmasan, danış mənə!