Oturmuş yorğun və sarı bir axşam çarpayımın başında.

Oturmuş yorğun və sarı bir axşam çarpayımın başında,

Dinlət – xəfif yel əsməsinə gizli-gizli gülən durğun

                             sular kibi qəlbimin döyünməsini.

Dostlar etmiş qəlbimdən baxan sərzənişli gözlərə vida,

Dinlərim bir gecəlik sevgilim olan çocuk gərdanlı

                                       bir kadın kibi saçlarımı oxşayan

                                       bu axşamın duyumlu nəğməsini…

Mən onu dinlərəm,

O məni dinlər...

Qəlbimin səsi, axşamın nəğməsi dolaşır sərxoş

                                      ayaqları kibi bir-birinə

 

Bir bit kibi qaçır yasdığımdan ruhumun

                                  qoxumuş cənazəsi,

Mazinin qəlbimdə dəlinmiş məzarından bir ölü

                                                       rüzgar əsir...

Xatırlaram belə bir axşam xülyalarım küçələrin

                                          daşlarında parçalandı,

Qanadlarımın tükləri bir quruşluq kibritə yandı...

Xülyalarım küçələrin daşlarında parçalandı

Qanadlarım bir quruşluq kibritə yandı...

Duymadı kimsə qəlbimin divarsız buzxanalarında gəzən qədərini

Qarlı rüzgar əydi ömrün şumal sərvini...

Belə bir axşam...

Bəlkə bir axşam bir sərv yenə ucaldı,

Çiynindən cındır kibi sallanan rüzgarlaran öc aldı...

Elə bir axşam… bölünməzdim belə yarı,

İlk sevgimin bəyaz cənazəsini gətirsələr

diz çöküb hörmətlə öpərdim o əziz çürümüş dodaqları...

 

 

Oxşar şeirlər