Söylə, Tanrı.

Söylə, Tanrı, bu boş qalan yollardan,

Gecə vaxtı kimlər keçdi, kim qaldı?

Yarı – yardan hankı əllər ayırdı,

El içində ayrılığı kim saldı?

Min əməklə çiçəklənən yurdumuz,

Bir gecədə nə tez solub – saraldl?

Ellər köçüb, yurdlar oldu viranə,

Bu yerləri sürən, əkən harda bəs?

Xəzan olmuş meşələrin içindən,

Eşidilməz nə bir səda, nə bir səs…

Həyatımız o gül açan hədiqə,

Şərab imiş, – yoxsa Tanrı, boş həvəs?

Şaxta düşdü, duman basdı dağları,

Ailələr matəmlərə büründü.

O yerdən ki, ilıq yellər əsirdi,

Tufan qopub, aclıq, ölüm göründü.

Gözəl qızlar, kiçik, körpə uşaqlar

Qapı – qapı dilənərək süründü…

Söylə, Tanrı, köçüb gedən ellərin,

Bu dünyada bir də üzü güləcək?

Gələcəyə şirin ümid bəsləyən

Könlümüz açacaqmı gül – çiçək?

Viranədə susacaqmı bu bayquş,

Verəcəkmi bahar dünyaya bəzək?

Oxşar şeirlər