Səsim uzaqlardan gəlsə də mənim,
Ancaq şair qəlbim unutmaz sizi.
Döyünən ürəyim, odlu bədənim,
Bir bayraq edəcək hörmətinizi.
Mənim hər sözümdə, həm söhbətimdə,
Sizin adınız da yaşayacaqdı.
Qəlbim də, eşqim də, məhəbbətim də,
Bu ölməz ülfəti daşıyacaqdı.
Razıyam dost üçün çəkiləm dara,
Çünki namuslu dost qardaş deməkdi.
Əgər dost yolunda alsam min yara,
Yenə şair qəlbim küsməyəcəkdi.
Sən ey dilsiz məktub, keç şəhər-şəhər,
Mənim ürəyimi özünlə apar!
Bil ki, əziz qardaş, hər axşam, səhər,
Sizə Kəlbəcərdən salamlarım var.