Ay dağlar.

Yenə sizi haraylayır,

Dilim, ay dağlar, ay dağlar.

Ayrılıqdan yaxşı imiş,

Ölüm, ay dağlar, ay dağlar.

 

Soruşdum badi-səbadan,

Xəbər yox Sabirbabadan. 

Üzülüb eldən, obadan, 

Əlim, ay dağlar, ay dağlar.

 

Sizdən ayrı könül xəstə,

Çırpınıram dar qəfəsdə.

Saralmadı sinəm üstə,

Gülüm, ay dağlar, ay dağlar.

 

Növbaharda gül solarmı?

İnsan birdən qocalarmı?

Zülüm üstən heç olarmı,

Zülüm, ay dağlar, ay dağlar.

 

Həyat girir dondan-dona,

Ömür birdən yetər sona.

Tez alsın məni qoynuna, 

Elim, ay dağlar, ay dağlar.

 

Oxşar şeirlər