Edərəm eşqi ilə canımı dildarə fəda.

Edərəm eşqi ilə canımı dildarə fəda,

Necə Sən`an elədi canını küffarə fəda.

 

Sən qəbul et məni qurbanlığa, qurbanın olum,

Qoy edim canımı ol səfheyi‐rüxsarə fəda.

 

Aşiqin canı həmişə rəhi‐cananda çıxar,

Yoxsamı aşiqi mə`şuqinə yalvarə, fəda.

 

Neçə müddətdi könül vəslinə amadə olub,

Yetmədim vəslinə, ta canım edəm yarə fəda.

 

Nə edim, istəyirəm ayrı cür illac eləyim,

Düşürəm dərdü qəmə, tapmayıram çarə, fəda.

 

Nadiməm, ya yetişəm vəslinə dünyadə gərək,

Ya ki, payində olam dilbəri‐xunxarə fəda.

Oxşar şeirlər