Ey istəyən yari, sevən dildari

Ey istəyən yari, sevən dildari,

Mülki-məhəbbətdə gərəkdir ixlas.

İxlas ilə eylə kari-kirdari,

Gir təriqi-xasə, eylə qəlbi xas.

 

İxlasinə hərgiz verməgil xələl,

Ta yetişsin sana feyzi-bibədəl.

Böylu qurulubdur qanuni-əzəl:

İxlas ilə olsun kari-xas ixlas.

 

Fəryadinə yetsin eşqi dildarin,

İmdadina yetsin pərvərdigarin.

Ey dil, şamü səhər olsun izkarin,

Təriqi-vəhdətdə sureyi-ixlas.

 

Sıqın eşqi-yarə, şövqi-dildarə,

İstəazə eylə pərvərdigarə.

Dəryayi-əsrarə, dürri-şəhvarə,

Ey dəli dil, eylə kəndini qəvvas.

 

Mütrib kim saz eylər, ələ alıb tar,

Məşuqi kim söylər şövqilə dildar.

Seyid Nigaridə qalmaz ixtiyar,

Vəqt kim rəqs eylər eşqlə rəqqas.

Oxşar şeirlər