Əzəldən Araz boyu parçalanmış vətənin,
İndi də parasının parası qalmış bizə.
Yeddi rəngin altısı yağmalanıb nə vaxtdan,
Dönüb yas paltarına, qarası qalmış bizə.
Qarabağ cənnətini röyamızda görürük,
O möcüzə dağların harası qalmış bizə.
Dağların ağ suları axır xınzır oğluna,
Lilli aran arxında qara su qalmış bizə.
Ay haray, nə durmuşuq, gör nələr gedib əldən,
Şəhidlər məzarınca yarası qalmış bizə.
Hanı qetyrət qılıncı, Koroğlunun, Nəbinin,
Onların korşalmayan mirası qalmış bizə.
Qisasa qisas deyib, qana qan deyib ellər,
Dərdli vətən bizimdir, çarəsi qalmış bizə.