Azərbaycanım!

Özün kimi vüqarlıdır uca dağların,

Hüsnünə bir yaraşıqdır yaşıl bağların,

Bizimlə bir başlamışdır gözəl çağların,

“Yurdum, yuvam məskənimsən”, Azərbaycanım,

Anam  doğma vətənimsən, Azərbaycanım!

 

El bilir ki, tükənməyən sərvətin vardır.

Sinən üstə ağ pambıqlı göy tarlalardır,

Buruqların göy Xəzərdə qatar-qatardır,

“Yurdum, yuvam məskənimsən”, Azərbaycanım,

Anam  doğma vətənimsən, Azərbaycanım!

 

Sənə şirin arzum deyim, diləyim deyim,

Havam deyim, suyum deyim, çörəyim deyim,

Sənə kövrək qəlbim deyim,

“Yurdum, yuvam məskənimsən”, Azərbaycanım,

Anam  doğma vətənimsən, Azərbaycanım

Oxşar şeirlər