Qohuma, tanışa yaxşı bəllidir,
Əsl soyadımız Hacıbəylidir.
Babam Zeynalabdin-dumanda bir nur,
Atam Cəfər Xəndan-ölkədə məşhur.
Atam Yerevandan, anam Şuşadan
Onlardır ruhumu daim yaşadan.
Bir qızım, bir oğlum-Aydanla Xəndan,
Məni ayrılmağa qoymaz cahandan.
Oldum cocuqluqdan şeirin aşiqi,
Gözümün işığı bildim Müşfiqi.
Dahi Füzulini bildim dərindən,
Ruhlandım Sabirin şeirlərindən.
Hadinin, Cavidin heyranı oldum,
Əbdülhəq Hamidə içdən vuruldum.
Əsl ustadlara xəyanətim yox,
Kim deyər, mənim də əmanətim yox.