İstərəm

Mən sənin eşqinin asimanında

Aya, ulduzlara çatmaq istərəm.

Min-min səadəti boyunbağıtək

Mən sənin boynuna atmaq istərəm.

 

Bir sən, bir mən olum, bir uçuq kaha –

Heç nə istəmirəm taledən daha.

Bütün kədərini alıb çox baha,

Sevinci havayı satmaq istərəm.

 

Yaşayım yüz il də, milyon da, min də –

Həyatım bitəcək;

Həmin o gündə

Sənin gözlərinin dərinliyində

Boğulmaq istərəm, batmaq istərəm.

Oxşar şeirlər