Qərib nar əkər, nar əkər,
Narı nar olmaz, nar olmaz.
Qərib deyər: qərib qızdan
Mənə yar olmaz-yar olmaz.
Sünbülü qıçada qalar,
Buğdası puçada qalar,
Alması taxçada qalar,
Qalar, saralmaz-saralmaz.
Kim qəribə arxa çıxar,
Qərib birdən yoxa çıxar,
Dərd əlindən dağa çıxar,
Dağda qar olmaz-qar olmaz.
Tək dedilər - təklədilər,
Qanına yeriklədilər.
Sonra da dərdini alıb
Dağa-daşa yüklədilər,
Çəkə bilmədi-bilmədi.
Əsim-əsimcə əsdilər,
Öldürməyə tələsdilər,
Günün günorta çağında
Ağacı elə kəsdilər, -
Kölgə bilmədi-bilmədi.
Xallandı gül - butasında.
Nər qarnında - qartasında.
Nər şairi öldürdülər
Bir ölkənin ortasında, -
Ölkə bilmədi-bilmədi.