Ey doğma vətənim, doğma torpağım
Mən əgər quş olsam yuvam səndədir.
Sənsən xilaskarım, sənsən dayağım,
Loğman təbiətli havam səndədir.
Bağlıyam eşqinə, məhəbbətinə,
Gəzsəm də dünyanı mən dönə-dönə,
Qayıdıb gələrəm yanına yenə,
Çünki, elim səndə, obam səndədir.
Sənin laylayınla cana gəlmişəm,
Sinənə baş qoyub mən dincəlmişəm.
Mən yaxşı duymuşam, yaxşı bilmişəm
Dərmanım səndədir, davam səndədir.