Görən

Yenə əvvəlki tək bahar gələndə,

Bənövşə yollara çıxırmı görən?

Yenə sürünürmü duman dağlara,

Yenə ildırımlar çaxırmı görən?

 

Darıxma, tələsmə canım, yavaş keç,

Yüz rəng var, hansını seçirsənsə seç,

Yenə göyqurşağı nazlanırmı heç,

Yenə gözlərini sıxırmı görən?

 

Könlümdə həsrətdən qurulub saray,

Belə də ayrılıq olar, ay haray,

Millinin üstündən bədirlənmiş ay,

Bizim aynəbəndə baxırmı görən?

 

Soyuyan ocaqlar, sönən ocaqlar,

Bir buz parçasına dönən ocaqlar,

İndi yuxularda yanan ocaqlar,

Hamını yandırıb, yaxırmı görən?

 

Vətənin dərdini, çölün dərdini,

Çiçəyin dərdini, gülün dərdini,

Bu qaçqın, didərgin elin dərdini,

Satqınlar gözünə soxurmu görən?

 

Orda qaldı eyş-işrət də, nəşə də,

Qəlbim kimi ciliklənməz şüşə də,

Şapıların üstündəki meşədə,

Sücaət bulağı axırmı görən?

 

Könül, üzü dönmüş yara neylədim 

Mən ha əzizlədim, naşıydı, getdi. 

Könlümün ilk yarı, ilk sevimlisi 

Gözümün son damla yaşıydı, getdi. 

 

Parçalandı eşqi, söndü havası 

Naləyə çevrildi könlümün səsi.

Sevgi dünyasının daş ürəklisi, 

Nazlı gözəllərin başıydı, getdi. 

 

Qəlbimi sıxsa da yar dönə-dönə,

Sücaət kəm baxmaz məhəbbətinə.

Mən onu sevirəm, sevirəm yenə,

Onun öz keyfiydi, xoşuydu getdi.

Oxşar şeirlər