Mən vermişəm öz könlümü yarə, özü bilsin,
İstər eləsin hicrilə yarə, özü bilsin.
Bilmiş nə bəlalər gətirib başimə zülfü,
Tökmüş yenə ol mahi-üzarə, özü bilsin.
Yüz yol dedim, əğyar ilə gəzmə, yenə gəzdi,
Ölsəm, demərəm bir də dübarə, özü bilsin.
Ol gül məni xar eylədi biganə yanında,
Bir bilmədi, çox etdim işarə, özü bilsin.
Bimariyəm ol nərgisi-məstin, ölürəm mən,
Qoy eyləməsin dərdimə çarə, özü bilsin.
Hər dərdü-qəmin mən çəkirəm, kam alan özgə,
Rəhm eyləməsin qoy dili-zarə, özü bilsin.
Vahid! Məni pərvanətək ol şəmi-cəmalın
Yaxsın dəxi bundan sonra narə, özü bilsin.