Şeir və hikmət

Hanı yer üzündə elə bir insan,

Şəhriyar, sən ona arxalanasan?

Qəlbi hünər dolu, özü mərd olsun,

Səhər Nəsimitək könlünə dolsun.

Silsin ürəyindən qəmi-qüssəni,

Qolundan yapışıb qaldırsın səni.

Son qoysun ömründə bu müsibətə,

Qədr-qiymət versin şeirə, sənətə.

Əlindən yapışıb, qəlbinə girsin,

Sənin ulağını çaydan keçirsin.

Məni qorxutmayır acından ölmək,

Qorxuram: faydasız yanan bir şamtək.

Tənha bir guşədə yanım, məhv olum,

Bir ovuc qum kimi yelə sovrulum.

Yox! Mənim od qəlbim bir bulaq istər,

Yaratmaq naminə yaşamaq istər. 

Mən atdan düşsəm də, şahiddir aləm:

Yenə də atlanıb çapa bilərəm.

Öz yatmış bəxtirndən agaham özüm,

Uzaq üfüqlərə dikilib gözüm.

Nə yaylı çarpayı, nə bağ istərəm,

Nə də zər-zibalı otaq istərəm.

Mən aza qailəm, çoxda gözüm yox,

Nəfsimin gözünə batırmışam ox.

Nədir istədiyim? Bir həsir, bir şam,

Bir balınc, bir kuzə arzulamışam.

Bir az ay işığı, bir cam təmiz su,

Bir yaşıl söyüdün bahar qoxusu.

Bir parça çörəyin ağız ləzzəti,

Fəqət dünya boyda ilham qüvvəti!

İnan ki, o suyu, o çörəyi də,

O ay işığını, o küləyi də.

Havayı, məccani istəmirəm mən,

Əlimlə qopardıb yanar qəlbimdən,

Mən sizə od kimi sözlər verərəm,

Söz nədir, alovlu gözlər verərəm.

Misra verərəm ki, deşilməmiş dürr,

Hər biri qəlbimin döyüntüsüdür.

Yanar bir ürəkdə yaranan sözlər,

Fikrin şanəsilə daranan sözlər!

Bir söz ki, yolsuzu yola gətirən,

Bir qəlbdən çıxaraq min qəlbə girən.

Sədinin şeiritək dərdlərə dərman,

Hafiz qəzəlitək əbədi qalan.

Tutulmuş gözləri aça bilən söz,

İllərin üstündə uça bilən söz!

Yaxşını yaşadıb, pisi yandıran,

Namusu, qeyrəti qanadlandıran.

Yatmışı oyadan qüdrətli bir söz,

 

 

Ölünü dirildən şəfqətli bir söz.!

Bir söz ki, Firdovsi nərəsi kimi,

Döyüşdə azadlıq gülləsi kimi!

Düşmənin əlindən bayraq salan söz,

Haqqın ciyərilə nəfəs alan söz!

Bir söz ki, sulanmış xəncərə dönsün,

Atəşi namərdin başında sönsün!

Yumruğu dəmirə, daşa döndərən,

İnsanı havalı quşa döndərən.

Döyüş meydanına aparan bir söz,

Qəhrəman ürəkdə qəhrəman bir söz!

Şairəm, dinlə gör nə deyir ilham:

Mən söz xiridarı, söz sərrafıyam.

Dünyada hər kəsin öz sənəti var,

Şairin əlində söz sənəti var.

Şahiddir gecələr od tökən ürək,

Sözlər qələm ilə güləşən pələng.

Şair nərə çəkir qəhrəman kimi,

Pələnglə güləşən pəhləvan kimi.

Şairin həyatı - əbədi döyüş,

Bütün ömrün boyu hücum et, döyüş!

Sən özün bilirsən mənim əzizim,

İşimiz, gücümüz ayrıdır bizim.

Dünyada nə qədər iş var, sənət var,

Birindən yapışar aqil adamlar.

Hər kəs öz yerini tapsa həyatda,

Sanki xəzinə var başının altda.

Sevdiyin sənəti intixab etsən

Yoruldum deməzsən, nə qədər getsən.

Könül verdiyin iş ucaldar səni,

 

 

 

 

Könül vermədiyin qocaldar səni.

Sənin yüz sənətdən başın çıxsa da,

Birini sevirsən yəqin dünyada.

İnsanlar görmüşəm, üzlər görmüşəm,

Acizi məhv edən sözlər görmüşəm.

Yazığın, fağırın başından basan,

Zalımın döşündən ordenlər asan.

Nökərlər görmüşəm, söz nökərləri,

Boynuyoğunların öz nökərləri.

Mən onda sıyırdım öz qılıncımı.

Məslək qılıncımı, söz qılıncımı!

Yetər! Saxta sözlər! Yalançı sözlər!

Ömrü oğurlayan talançı sözlər.

Zövqün, hissiyyatın daşan camıtək,

Günəşlə, baharla doludur ürək.

Gəl, sənə bakirə sözlər verim mən,

Ürəkdə bəslənmiş gövhər verim mən.

Dursun gəlin kimi qarşında sənin,

Bir sevdaya dönsün başında sənin.

Bir muştuluq kimi səsləsin səni,

Bir ana qoynutək bəsləsin səni.

Həyatda hər şeyi unutsan da sən,

Onu eşq kimi əzbər biləsən.

Neyləyim, əlimdən ayrı iş gəlmir,

Mən şair yarandım, sadəcə şair.

Sənin səadətin sevdiyindədir,

Eşqi iliyində, sümüyündədir.

Ona gözlərinin nurunu ver sən,

Ona ürəyindən atəş içir sən.

Dünyada ən gözəl şah əsərləri 

 Yaratdı zəhmətin cəsur əlləri.

Zəhmətə arxalan, işə güvən sən,

Budur tərəqqinin yolu əzəldən.

Atalar nə qədər gözəl deyiblər,

Deyiblər: çörəyi çörəkçiyə ver.

Bizdən qabaqdadır avropalılar,

İşi iş bilənə tapşırır onlar.

Gətir xəyalına firəng dostları,

O cərrah bıçaqlı böyük Pastoru.

Volteri, Didronu xəyala gətir,

Onlar Fransanın əzəmətidir!

Volterin əlindən qələmini al,

Ona kamança ver, de, bir hava çal.

Kim bilir, bəlkə də alar, çalardı,

Fəqət bəşəriyyət onsuz qalardı.

Bu dərdlər mənimdir düşünsən əgər,

Qələm istəyirəm, sayğac verirlər.

Mənə nə idarə, nə möhür gərək,

Söz üstə odlanan bir ömür gərək!

Biz demirik şeir göydən enibdir,

O, insan əliylə qönçələnibdir.

Şeir mədəniyyət, incəsənətdir,

İncə ruh, incə zovq, incə sənətdir.

O da musiqitək qəlbin səsidir,

İnsanın ən böyük möcüzəsidir.

Sən təkcə torpaqda axtarma zəri,

Ürəkdə yaranır şerin gövhəri.

O tənqid etdiyin Avropaya bax,

Ədibə, şairə qiymət qoyaraq.

Gör hara ucaldıb söz rütbəsini,

Sənətin qranit abidəsini!

Havalı köhləntək baş aparma, dur,

Bəlkə kasa aşdan isti olubdur?

Anadan mehriban dayədir bəlkə?

Günəşsiz səmadır şeirsiz ölkə!

Şeir də insanın vuran əlidir,

Yaradan əlidir, quran əlidir.

Xor baxma şerə sən, şeir həyatdır,

Qartal ürəkliyə bir cüt qanaddır!

Kimin güclüdürsə şeiri-sənəti,

Onun əbədidir mədəniyyəti!

 

 

Oxşar şeirlər