Əhməd Cavada

Zülmlə üzüldü öz cərgəsindən

Haqsızlıq ucundan bir haqq şairi.

-Hayıf Cavad!,

– deyə andı çoxları

Bu bədbəxt şairi, xoşbəxt şairi.

 

Köçünü arana, yaylağa sürdü,

Ata dərdi çəkdi, qız dağı gördü,

Şeirdən Göy-gölə bir çələng hördü,

Təbiət vurğunu, torpaq şairi.

 

Çox sözü-söhbəti yadigar qalıb,

Ondan nəsillərə namus, ar qalıb.

Yurdunda qeyrətli övladlar qalıb,

Başdan uca tutar hər vaxt şairi.

 

Ala göz, uca boy, nəcib bir insan,

Elini, gününü bağrına basan.

İtirmək kimsəyə gəlməsin asan,

Necə də itirdik beyvaxt şairi.

 

Aman 37! Gör nələr etdi,

Arzular, əməllər puç olub getdi.

Min ömrün səfəri yarıda bitdi,

Həyatdan ayrıldı həyat şairi.

 

Ey Hüseyn Arif, indi ha gözdə,

Sevinci də bizdə, qəmi də bizdə.

Yaşar zaman-zaman xatirimizdə,

Xalqa “düşmən” çıxan bir xalq şairi

Oxşar şeirlər