Yenə qarı səpələyə-səpələyə gəlir qış,
Çəkib şaxta qılıncını, hücum edir boranla.
Ağ kürk geymiş, saç-saqqalı gümüş kimi ağarmış,
Doldurubdur xurçununu fırtınayla, tufanla.
Qoca elçi, o çal baba dərd paylayır, qəm verir,
Üzdalayan qar-çovğundur, qasırğadır nəfəsi.
Basır bulud papağını gözü üstə arabir,
Kinli-kinli yeridikcə tük ürpədir nəfəsi.
Çatıb üfüq qaşlarını, sımsığını sallayır,
Tərpətdikcə başını o, yoxa çıxır duman-çən.
Qızmış nər tək qəzəblənir, yumaq olur çöl-bayır,
Alacıqlar şaqqıldayıb tir-tir əsir zəhmindən.
Cimdikləyir uşaqların yanağından, burnundan,
Büzüşərək qaçır hamı tez həyətdən dəyəyə.
Geyib isti çuxasını, yarımkürkünü çoban,
Sipər edir kürəyini buz qılınclı küləyə.
Ayqır baxıb uzaqlara qulağını şəkləyir,
Ac ilxılar ot axtarır dolaşaraq səhranı.
Qışın dostu canavar da mal-qaranı təkləyir,
Naxırçılar, gecə-gündüz qoruyun mal-qaranı.
Yeni-yeni örüşlərə ilxıları qovun siz,
“Yatdın-öldün”, ayıq olun, cürət olsun sizlərdə.
Koldıbaydan, Konaydan da ac canavar pisdir, pis,
Biz qoymarıq qarlı qışı at oynatsın düzlərdə