Baharda cücərən körpə ot, görən,
Bilirmi ömrünün qısalığını?
Çinar olmaq dilər, boy atmaq dilər,
Ulduza tən istər ucalığını.
Günəşin nurunu içib məst olar,
Ot hardan bilsin ki, dünyada qış var.
Həmin ot kimiyəm, cavan, təzə-tər,
Qayğısız başıma toxunur göylər.
Amma bir səs gəlir: “öyünmə, insan”,
Sənin də qışın var, qocalacaqsan.