Məhəbbət

Könlümü dindirir yenə məhəbbət,

Eşqsiz yaşamaq nə çətin olur!-

Nələr bəxş eləmir sənə məhəbbət,

Onun ağısı da şərbətin olur.

 

Kədər də, həsrət də, nisgil də, qəm də,

Qəlbin atəşində qovrulur, yanır.

Ömür-gün yolunda dara düşəndə,

Məhəbbət ömrünə arxa dayanır.

 

Həyatda bir kəsi sevə bilməyən,

Daşıya bilərmi insan adını?

Yoxsul belə olsan günün keçər şən,

Olar var-dövlətin yaxşı qadının.

 

İşığa çıxmazsan yarıb zülməti,

Dost qəlbi yanmasa bir çıraq kimi.

Axı, şöhrət nədir, axı, var nədir,

Olmasa ömrünün yaxın həmdəmi.

1890, (tərcümə: İlyas Tapdıq)

 

Oxşar şeirlər