Yeddi səyyarə poemasından
Səs-soraq yox ikən hələ cahandan,
Cahanın sakini bəni-insandan,
Nəqqaşlar nəqqaşı o pərvərdigar
İstədi eyləsin bir nəqş aşikar.
Yeddi Göy yaradıb çəksin yuxarı,
Üfiqdə bənd etsin həmin tağları.
Qatların birini mavi yaratsın,
Başımız üstündə onu ucaltsın.
“Ol!” deyə hökm etdi, bu bir kəlmədən
Yarandı yerlə göy, dəniz, dağ, çəmən.
Yoxluq varağında o nəqqaş xuda
Müxtəlif naxışlar elədi peyda.
Sözlə bu naxışlar olunca aşkar,
Ünsiyyət yaratdı sözlə adamlar.
Sözün barəsində bunu deyim ki,
Bütün varlıqların o olub ilki.
Söz əvvəl yaranıb, sonra məxluqat,
Sözdən sonra gəlib bütün kainat.
Taxtı da, donu da sözdür həyatın,
İlki də, sonu da sözdür həyatın.
Hər kəs ki, dünyada həyat tapıbdır,
Bərk ayaqda sözlə nicat tapıbdır.